Əli Əsədov Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

İyunun 5-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak edib.
İclasda çıxış edən Əli Əsədov gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkdi.
Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunmuşdur. Forumda MDB ölkələrindən gənclər fəal iştirak etmiş, çoxsaylı panel sessiyaları və dəyirmi masalar keçirilmişdir,” – deyə Ə. Əsədov əlavə edib.
İclas iştirakçılarının diqqəti, həmçinin 2025-ci ildə MDB çərçivəsində keçiriləcək mühüm mədəni və idman tədbirlərinə yönəldildi. Qeyd olundu ki, cari ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Gəncə və Azərbaycanın digər şəhərlərində MDB ölkələrinin III idman oyunları keçiriləcək. Bu oyunlar 23 idman növünü əhatə edəcək. “Artıq oyunların rəsmi internet saytı istifadəyə verilib və orada tədbirin hazırlıq prosesi, yarışların cədvəli və idman məkanları ilə bağlı məlumatlarla tanış olmaq mümkündür”, – deyə Baş nazir bildirib.
Ə. Əsədov, həmçinin, Laçın şəhərinin “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiqləndiyini qeyd edib. Həmin plana əsasən, konfransların, konsertlərin, sərgilərin, teatr və kino festivallarının keçirilməsi, həmçinin müsabiqələrin və media turların təşkili nəzərdə tutulur.
Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə həyata keçirilən tədbirlərdən danışan baş nazir vurğulayıb ki, Azərbaycan xalqı bu Qələbəyə həm cəbhədə, həm də arxa cəbhədə əhəmiyyətli töhfə verib.
Ə. Əsədov, həmçinin, Azərbaycanın MDB-yə üzv dövlətlərlə iqtisadi- ticarət əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini xatırladıb. “Bu baxımdan, Azərbaycan ilə MDB ölkələri arasında ticarət dövriyyəsinin müsbət dinamikasının qorunub saxlanılması sevindirici haldır. Belə ki, 2024-cü ildə ticarət dövriyyəsi 7% artmışdır. Cari ilin ilk 4 ayının yekunlarına əsasən isə 43% artım müşahidə olunur,” – deyə o bildirib.
İclas iştirakçılarını Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandıran Baş nazir qeyd edib ki, xüsusilə gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xüsusi diqqət yetirilir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində uğurla həyata keçirilən irimiqyaslı layihələr barədə danışan Ə. Əsədov qeyd edib ki, günəş və külək elektrik stansiyalarına dair imzalanmış müqavilələr 2030-cu ilə qədər ölkəyə əlavə 6 giqavat enerji təmin edəcək. “Eyni zamanda, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ bölgələrində müxtəlif gücə malik su elektrik stansiyalarının tikintisi və istismara verilməsi hesabına hidroenerji potensialı daxili investisiyalar hesabına artırılır. Görülən işlər nəticəsində növbəti beş il ərzində bərpaolunan enerji mənbələrindən enerji istehsalı potensialının ikiqat artırılması planlaşdırılır,” – deyə Baş nazir əlavə edib.
Yekun olaraq, Azərbaycan Respublikasının Baş naziri MDB çərçivəsində hökumətlərarası səviyyədə sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu ifadə edib. Baş nazir, bu əməkdaşlığın üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
İclasın yekununda MDB-yə üzv dövlətlərin hökumət başçıları tərəfindən bir sıra sənədlər imzalanıb.