Pərviz Şahbazov: Növbəti 5 ildə “yaşıl enerji gücü”nün 4 QVt-ı ixraca yönəldiləcək

2030-cu ilin sonunadək ümumi gücü 2700 MVt olan külək - günəş elektrik stansiyalarının ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində ildə 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək.
Bu barədə Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edərkən energetika naziri Pərviz Şahbazov bildirib.
Bu həcmlərin nəqli üçün Cənub Qaz Dəhlizi də daxil olmaqla, bölgədəki nəql infrastrukturlarının ötürücülük gücünün artırılmasının və zəruri zəmanətlərin təmin olunmasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, son 30 il ərzində karbohidrogenlərin qlobal enerji balansında payının təxminən 5% dəyişməsinə istinad edilərək bildirilib ki, alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır. Neft-qazın mühüm rolunun gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahənin maliyyələşdirilməsi təxirə salınmamalı, enerji mənbələri, resursları, ticarət yolları və təchizat zəncirlərinin diversifikasiyası daim prioritet saxlanmalıdır. İndi, investorlar üçün aydınlıq və proqnozlaşdırıla bilənlik təmin edən real və praqmatik siyasətlərin həyata keçirilməsi üçün ən münasib zamandır.
Pərviz Şabazovun sözlərinə görə, Azərbaycanın “yaşıl enerji” vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib. Bu çərçivədə bu il 240 MVt gücündə külək elektrik stansiyasının istifadəyə veriləcəyi, 200 MVt gücündə üç günəş stansiyasının tikintisinə başlanacaq:
“2.7 milyard dollar investisiya dəyəri olan bu “yaşıl enerji” gücləri ilə quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 2027-ci ildə 33,7%-ə çatacaq. Planlarımız bu göstəricini 2030-cu ildə 38%-ə, 2035-ci ildə isə 42,5%-ə yüksəltməkdir. Növbəti 5 il ərzində quruda və dənizdə yaradılacaq 6 QVt-dan çox “yaşıl enerji gücü”nün 4 QVt-ı ixraca yönəldiləcək. Həmçinin “yaşıl enerji zonası” Naxçıvanın 6 QVt bərpa olunan enerji potensialının ən azı 1 QVt-ı ixrac ediləcək. Azərbaycan Prezidentinin “yaşıl enerji”nin tədarükü və transsərhəd ötürülməsində ölkəmizin aparıcı mövqeyini təmin etməyə yönəlmiş strateji baxışına uyğun olaraq, hazırda Xəzər hövzəsini, Mərkəzi Asiya, Türkiyə və Avropanı əhatə edən genişmiqyaslı “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Bu dəhlizlər Avropaya gələcəkdə təkcə “yaşıl enerji”, hidrogen deyil, həm də fiber-optik kabellərlə data nəql edəcək”.
Çıxışda “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan”, Naxçıvan üzərindən birbaşa, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, eləcə də Gürcüstan üzərindən Türkiyəyə, oradan isə Avropaya istiqamətlənən “yaşıl enerji” interkonnektorları barədə məlumatlar verilib. Əlavə edilib ki, Xəzər dənizindən keçməklə Mərkəzi Asiya və Orta Dəhlizi əhatə edən bu strateji layihələr müasir enerji təhlükəsizliyi arxitekturasında regionun rolunun möhkəmləndirilməsinə və uzunmüddətli beynəlxalq əməkdaşlığa yol açan dinamik bir ekosistemin yaranmasına töhfə verəcək.
Forumda müzakirələrdə isə azad edilmiş ərazilərin “yaşıl enerji zonası” kimi inkişafı, burada hazırda istehsal olunan enerjinin 40%-nin daxili tələbata, 60%-nin enerji sisteminə ötürülməsi, həmçinin 2030-cu ilədək yaradılacaq güclər hesabına daxili tələbatdan ən azı iki dəfə çox elektrik enerjisinin istehsalının gözlənildiyi barədə danışılıb.